Xoruldamaq istəmirsinizsə, bu yazını oxuyun

Xoruldamaq istəmirsinizsə, bu yazını oxuyun

Dünyada yetişkin insanların 45 faizi yuxu zamanı arada bir, 25 faizi isə mütəmadi olaraq xoruldayır. Xorultu nəfəs alma prosesi zamanı havanın dar bir sahədən keçərkən yumşaq toxumaları titrətməsi nəticəsində ortaya çıxır.

Kök insanlarda qalın və yağlı boyun toxuması, uşaqlarda isə iri badamcıq və burun əti xoruldamağa səbəb ola bilər. Burnun tutulması isə xoruldamağın əsas səbəbi hesab edilir. Spirtli içki içdikdə, sakitləşdirici, yuxu gətirici dərmanlardan istifadə etdikdə xoruldamaq ehtimalı artır.

Kişilərin və kök insanların daha çox xoruldadıqları məlumdur. Bunun səbəbi yağ toxumasının qadınlarda omba bölgəsində, kişilərdə isə boyun və qarın bölgəsində daha çox toplanmasıdır. Kök insanlar isə əsasən kürəyi üstündə yatdıqları üçün qarın kütləsinin diafraqmaya təzyiqi nəticəsində xoruldamaq qarşısı alınmaz hala gəlir.

Qadınların əzələ quruluşu xoruldamağa imkan vermir.  Qadınlar əsasən klimaksdan sonra bu problemlə üzləşirlər. Çünki klimaks zamanı hormonların səviyyəsinin dəyişməsi qadınların əzələ quruluşuna da təsir edir. Bu dövrdən sonra qadınların əzələ quruluşu kişilərinkinə oxşamağa başlayır və xoruldamaq riski artır.

Xoruldayan insanın yuxuda nəfəsinin kəsilməsi ehtimalı var. Əvvəllər qısa müddət nəfəssiz qalmağın təhlükəli olmadığı hesab edilirdi. Ancaq son illərdə aparılan araşdırmalar göstərdi ki, yuxu əsnasında tənəffüsün dayanması, ya da ani şəkildə oyanma, qandakı oksigen miqdarını azaldır. Bu isə ürək, beyin və digər orqanlara kifayət qədər oksigen getmədiyini göstərir. Orqanların oksigensiz qalması qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır.

 

Xoruldamaqdan xilas olmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək vacibdir: 

  • İdeal bədən kilosunda olmaq;
  • Əzələ kütləsini artırmaq üçün idmanla məşğul olmaq;
  • Yuxu vaxtına dörd saat qalmış spirtli içkidən imtina etmək;
  • Yuxu vaxtından 3 saat əvvəl ağır yeməklərdən imtina etmək;
  • Yan yatış mövqeyini seçmək.

Bu kateqoriya üzrə digər xəbərlər